ELM VƏ TƏHSİL
BDU-nun tələbəsi Koreya Respublikasında yay proqramına qatılıb
Bakı, 5 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Fərəh Yaqublu Koreya Respublikasının Beynəlxalq Təhsil Mərkəzi (NIIED) tərəfindən təşkil edilən, tələbələr üçün xüsusi yay proqramına qatılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seçmə turlardan uğurla keçən F.Yaqublu universiteti “Korean Government Summer Inventation Program”la Koreya Respublikasında təmsil edib. On doqquz ölkədən 30 tələbənin iştirak etdiyi proqramın açılışı Koreya Respublikasının Beynəlxalq Təhsil Mərkəzində olub. Tələbələr proqram müddətində məşhur Keonbokkun sarayında, Koreya muzeyində, Çunqnam, Sanmun və KAIST universitetlərində olub, taekvondo, Koreya dili və dünya iqtisadiyyatı dərslərində iştirak ediblər.
Lotos və Buryonq festivallarına qatılan tələbələr istirahət günlərində koreyalı ailələrin qonağı olublar.