SİYASƏT
BELARUS NÜMAYƏNDƏ HEYƏTİ VƏTƏNƏ YOLA DÜŞMÜŞDÜR
Belarus Respublikasının baş naziri Vladimir Yermoşinin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan hökumət nümayəndə heyəti avqustun 9-da vətənə yola düşmüşdür.
Binə hava limanında Vladimir Yermoşin səfərin yekunları barədə jurnalistlərin suallarına cavab verərək dedi ki, Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə və lazımi müqavilə-hüquqi baza yaradılmasına yönəldilmiş əsas məqsədə nail olunmuşdur. O, bildirdi ki, səfər çox səmərəli oldu, bir sıra hökumətlərarası sazişlər imzalandı və bu sənədlər Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında faydalı iqtisadi əməkdaşlığın bünövrəsini qoyacaqdır. Əməkdaşlığın öncül istiqamətləri müəyyənləşdirildi və Belarusa kənd təsərrüfatı, neft kimyası məhsulları göndərilməsi haqqında razılaşma əldə edildi. O, Azərbaycan-Belarus əməkdaşlığı məsələlərinə diqqətlə və dərindən yanaşdıqlarına görə dövlətimizin Prezidenti Heydər Əliyevə və respublikamızın rəhbər işçilərinə təşəkkürünü bildirdi.
Vladimir Yermoşin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Belarusun mövqeyinə dair suala cavabında dedi ki, dünya birliyi Azərbaycan qaçqınlarının vəziyyəti barədə həqiqəti bilməlidir.
Hava limanında nümayəndə heyətini baş nazir Artur Rasizadə, baş nazirin birinci müavini Abbas Abbasov, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, digər rəsmi şəxslər yola saldılar.