SİYASƏT
BELARUS RESPUBLİKASININ HÖKUMƏT NÜMAYƏNDƏ HEYƏTİNİN SƏFƏRİ
Belarus Respublikasının baş naziri Vladimir Yermoşinin rəhbərliyi ilə bu ölkənin hökumət nümayəndə heyəti avqustun 8-də Bakıya rəsmi səfərə gəlmişdir. Binə hava limanında qonaqları Azərbaycanın baş naziri Artur Rasizadə, baş nazirin birinci müavini Abbas Abbasov, Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, digər rəsmi şəxslər qarşılamışlar.
Vladimir Yermoşin jurnalistlərin suallarına cavab verərək təəssüflə bildirdi ki, son on il ərzində ölkələrimiz arasında dövlət səviyyəsində əlaqələr olmamışdır. Belarus Azərbaycandan pambıq, tütün, şərab məhsulları almaq istərdi. Belarus müəssisələri isə Azərbaycana kənd təsərrüfatı maşınları, yüngül sənaye məhsulları göndərə bilər. Belarus hökumətinin başçısı bəyan etmişdir ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.
X x x
Elə həmin gün Belarusun nümayəndə heyəti Şəhidlər xiyabanını ziarət edərək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Azərbaycan övladlarının xatirəsinə dərin ehtiramını bildirdi.
Belarus hökumətinin sədri Vladimir Yermoşin “əbədi məşəl” abidəsinin önünə əklil qoydu və fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində qonaqları baş nazirin birinci müavini Abbas Abbasov, digər rəsmi şəxslər müşayiət edirdilər.