MƏDƏNİYYƏT
“BELTA” agentliyinin saytında istedadlı həmvətənimiz, müğənni Günəş ilə müsahibə dərc edilib
Minsk, 20 dekabr, AZƏRTAC
Belarus Teleqraf Agentliyinin (BELTA) saytında jurnalist Anna Zolotkovanın istedadlı həmvətənimiz, Belarusda doğulmuş və orada yaşayan müğənni Günəş Abbasova ilə geniş müsahibə dərc edilib.
“Günəş Abbasova: Mən hər müsabiqəyə idmançının Olimpiya Oyunlarına hazırlaşdığı kimi hazırlaşıram” sərlövhəli məqalənin müəllifi müğənni Günəşi effektli, parlaq, bənzərsiz, hər dəfə fərqli görünən hərtərəfli, öz məxsusi dəst-xətti, ifa üslubu, gözəl vokal imkanları olan bir sənətçi kimi təqdim edərək yazır ki, bu gün Belarus səhnəsini əslən Azərbaycandan olan bu ifaçısız təsəvvür etmək çətindir.
Jurnalist yazır ki, Günəş Abbasova haqqında çox danışmaq olar. O hələ 3 yaşında olarkən gələcəkdə məşhur sənətçi olacağını bildirmişdi.
Müsahibədə bu populyar müğənninin karyerası, onun nüfuzlu beynəlxalq müsabiqələrdə uğurları və qələbələri, gələcək planları və ümidləri barədə söhbət açılır. Məqalə müəllifi qeyd edir ki, Günəş hörmətə və qibtə edilməyə layiq əzmkarlıqla “Eurovision” beynəlxalq müsabiqəsinin milli seçim turlarında iştirak edir. Televiziya tamaşaçıları Günəşin çıxışından zövq alacaqlar.
Dekabrın 26-da “Eurovision-2015” mahnı müsabiqəsinin milli seçim turunun finalında həmvətənimiz “I believe in a miracle” (“Mən möcüzəyə inanıram”) adlı kompozisiyanı münsiflər heyətinə və tamaşaçılara təqdim edəcək.
Günəş deyir: “Mənim təqdim edəcəyim kompozisiya “I believe in a miracle” adlanır. Bu mahnı mənə çox əzizdir, çünki o, mənim haqqımda, həyatımda ən böyük arzumun çin olması – öz qismətimi və həqiqi sevgimi tapmağım haqdadır. Bu il iyunun 20-də İstanbulda toyumuz oldu. Həyat yoldaşım Göyxan orada doğulub və boya-başa çatıb. Deyə bilərəm ki, mən bu mahnını öz sevgilimə həsr etmişəm və xoşbəxtliyim haqqında danışmaq, bu hissi ətrafdakı insanlarla bölüşmək istəyirəm. Əminəm ki, əgər siz yaxşı və xeyirxah arzularla yaşayırsınızsa, həyatınızda hökmən möcüzələr baş verəcək”!
Daha sonra müğənni şəxsi həyatı barədə söhbət açır, deyir ki, bir məsələ onu çox narahat edirdi: görəsən, Göyxan onun peşəsinə necə münasibət bəsləyəcək? Axı bu peşə daimi səfərlərlə, məşqlər və çəkilişlərlə bağlıdır. Lakin xoşbəxtlikdən, Günəşin sevgilisi onu dəstəkləməklə, öz peşəsində ona kömək etməklə bərabər, yaşayış yerini də dəyişib. Günəş deyir: “İndi biz məişət şəraitimizi yaxşılaşdırırıq, Minskdə daha geniş mənzilə köçmüşük. Göyxan rus dilini və Belarus mədəniyyətini öyrənir. Burada o, öz sevimli işi – futbol sahəsində menecmentlik fəaliyyəti ilə məşğul olmaqda davam edir və artıq öz biznesini qurmaq barədə fikirləşir.
Müğənni Günəşlə müsahibənin tam mətni ilə tanış olmaq üçün BELTA agentliyinin saytına müraciət edə bilərsiniz: http://www.belta.by/ru/person/interview/Gjunesh-Abasova_i_515267.html.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk