ELM VƏ TƏHSİL
BEYNƏLXALQ ELMİ SİMPOZİUM
Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi”nə həsr edilmiş beynəlxalq elmi simpozium keçirilmişdir.
Simpoziumu giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq, uzun illər gizli qalmış, saxtalaşdırılmış tarixi həqiqətlərin aşkarlanmasının vacibliyini nəzərə çarpdırdı. O, ermənilərin Azərbaycan xalqına qarşı terror yolu ilə həyata keçirdikləri soyqırımı siyasətinin 300 illik tarixi olduğunu, bəşəriyyətin birgəyaşayış normalarına sarsıdıcı zərbə olan bu hadisələrə hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi qiymət verildiyini, sonrakı dövrlərdə erməni-bolşevik ideoloqları tərəfindən cinayətlərin ört-basdır edilməsinə cəhd göstərildiyini, etnik təmizləmə və soyqırımı siyasətinin pərdələnmiş şəkildə həyata keçirildiyini bildirdi. Natiq Ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə, terror siyasətinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan Prezidentinin Fərmanlarının müstəsna əhəmiyyət daşıdığını vurğuladı.
Beynəlxalq elmi simpoziumda Azərbaycan və Türkiyə tədqiqatçılarının bu mövzuda, eləcə də XVIII əsrdə Rusiya siyasətində “erməni məsələsi”, ermənilərin Anadoluda törətdikləri cinayətlər və digər məsələlərə həsr olunmuş məruzələri dinlənildi. Simpoziumda bədnam erməni millətçilərinin vəhşiliklərinin qarşısının alınması üçün bütün dünya birliyinin həmrəyliyinin vacibliyi vurğulandı. Tarixi faktların, sənədlərin araşdırılıb üzə çıxarılmasının müstəsna rolu qeyd olundu.
Məruzələrdə bildirildi ki, tarixi sənədlər, faktiki materiallar erməni millətçilərinin Azərbaycan və Türkiyə xalqlarına qarşı terror, etnik təmizləmə və soyqırımı siyasətini birmənalı şəkildə sübut edir. Tədqiqatçı alimlərin əsaslı dəlillərə söykənən bu fikirləri beynəlxalq elmi simpozium iştirakçılarının nəzərinə çatdırıldı.