İQTİSADİYYAT
BEYNƏLXALQ VALYUTA FONDU ƏMƏKDAŞLIQDAN VƏ GÖRÜLƏN İŞLƏRDƏN RAZILIĞINI BİLDİRMİŞDİR
Komitənin mətbuat xidmətindən bildirmişlər ki, BVF-nin nümayəndəsi əvvəlki görüşləri xatırladaraq, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların müsbət nəticələr verdiyini bildirmiş və Azərbaycanda 2003-cü ilin dövlət büdcəsinin icra vəziyyəti, gələn ilin büdcəsi və gömrük sistemində modernləşdirmə ilə bağlı görülən işlərlə maraqlanmışdır.
DGK-nin sədri Kəmaləddin Heydərov qonağı maraqlandıran məsələlərə münasibətini bildirmiş, cari ilin yeddi ayında nəzərdə tutulan pronoza 100,2 faiz əməl edildiyini və bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz çox olduğunu diqqətə çatdırmış, vergi növləri üzrə avqust ayı üçün nəzərdə tutulan tapşırığa 106,9 faiz əməl edildiyini və ötən yeddi ay ərzində idxal olunan mallar üzrə azadolmaların dəyərinin ötən illə müqayisədə artdığını xatırlatmışdır.
O, 2004-cü ilin büdcəsinin ölkəmizdə geniş müzakirə olunduğunu, BVF tərəfindən “Azərbaycanda gəlirlər proqnozunun təkmilləşdirilməsi” memorandum layihəsində qeyd olunan təklifə əsasən, aidiyyatı qurumların nümayəndələrindən ibarət yaradılan işçi komissiyasının tərkibində gömrük əməkdaşlarının da təmsil olunduğunu söyləmişdir. Komitə sədri gömrük sisteminin islahat proqramı ilə əlaqədar görülən işlər barədə məlumat vermiş, gömrük orqanlarının modernləşdirilməsi üzrə uzunmüddətli tədbirlər planından danışmışdır.
Con Uikman Linn ətraflı məlumata görə təşəkkür etmiş, təmsil olunduğu fondla komitənin əməkdaşlığını yüksək qiymətləndirmiş, tədbirlər planının cədvələ uyğun həyata keçirilməsindən razı qaldığını bildirmişdir.