CƏMİYYƏT


“BIHE-2016” sərgisi: dünya gözəllik və sağlamlıq sənayesinin ən yaxşi layihələri

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində sentyabrın 19-da öz işinə başlayan 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2016”) bu gün başa çatıb. Tədbirdə dünyanın 20 ölkəsindən 121 şirkət iştirak edib.

Sərgi dünyada məşhur brendləri nümayiş etdirən iri sahibkarları yenidən bir araya toplayıb. Bu tədbirə olan yüksək maraq “BIHE-2016” sərgisinin mühüm nailiyyətidir. Burada səhiyyə sahəsi üzrə yeni məhsul və xidmətlərin təqdimatı üçün lazımı şərait yaradılıb. Ekspertlər bu tədbirin bir neçə əsas müsbət kateqoriyasını qeyd ediblər. Çoxsaylı ekspozisiyalar çərçivəsində praktiki səhiyyə sahəsi üzrə innovativ məhsulların təşviq edilməsi üçün yaradılan uğurlu imkanlarla yanaşı, sərgi həm də tibbi texnika və avadanlıqlar, dərman preparatlarının istehsalçıları, səhiyyə peşəkarları, eləcə də ölkənin dövlət strukturları və işgüzar dairələrinin nümayəndələrini cəlb edib.

Sərgi ölkə səhiyyəsində əldə edilmiş nailiyyətlərin nümayiş olunduğu məkana çevrilib. Tədbirin xarici qonaq və iştirakçıları jurnalistlərə verdikləri qısa müsahibələrdə “BIHE-2016”nın aktuallığını qeyd ediblər. Bu tədbir səhiyyə sahəsinin peşəkarları arasında ünsiyyəti təmin etməklə yanaşı, səhiyyə sektorunun yeni məhsulları, müalicə metodları və aparıcı texnologiyaların nümayiş etdirilməsi baxımından da ideal məkandır.

Bu il Azərbaycan, Belçika, Çexiya və Tunis şirkətlərinin də daxil olduğu debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edir. Ümumilikdə isə xarici eksponentlər sərginin ümumi iştirakçılarının 60 faizini təşkil edirlər. Dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən tibbi avadanlıqların yerli distribüterləri arasında “Besan”, “BTL Industries AZ”, “Labservis” və digər müəssisələr var.

“BIHE-2016” sərgisi ilə paralel olaraq daha iki tədbirin - 11-ci Azərbaycan Beynəlxalq stomatologiya sərgisinin (“Stomatology Azerbaijan-2016”) və 10-cu Yubiley Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisinin (“Beauty Azerbaijan-2016”) keçirilməsi tədbir iştirakçılarının uğurlu qərarı kimi qiymətləndirilə bilər. Beləliklə, hər üç layihənin birləşmiş konseptuallığı tədbirlərə olan marağı artırıb və geniş imkanlar, eləcə də zəngin stendlər sayəsində diqqəti cəlb edib. Sərgi çərçivəsində təcrübəli eksponentlər gözəl təqdimatlar təşkil edərək müasir dərman preparatları və tibbi avadanlıqların geniş spektrini nümayiş etdirərək ziyarətçilərə gözəllik və sağlamlığın sirlərini açıblar. Ziyarətçilər kosmetik məhsullarla da zəngin olan sərgi stendlərində həyati funksiyalara nəzarət edən unikal aparatlar və farmakoloji avadanlıqların ən yaxşı nümunələri ilə tanış olublar.

Xarici klinika və yerli turizm şirkətləri üçün seminarın keçirilməsi iş adamlarının tibbi turizm sahəsinə artan marağının göstəricisi olub. Bu il sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, Yaponiya və Koreyadan Asiya kosmetikası və bir sıra digər məhsullar yer alır. İlk dəfə “Beauty Azerbaijan-2016” sərgisində Tailandı təmsil edən şirkətlər dekorativ kosmetika və SPA məhsulları ilə iştirak ediblər.

Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.