İQTİSADİYYAT
BİNƏ HAVA LİMANI XƏZƏR BÖLGƏSİNİN ƏSAS YÜKDAŞIMA QOVŞAĞINA ÇEVRİLİR
Sentyabrın 1-də Binə hava limanında “Karqolüks” aviaşirkəti təyyarələrinin Bakıya müntəzəm uçuşlarının açılış mərasimi olmuşdur. Lüksemburqda yerləşən “Karqolüks” Avropanın ən iri yükdaşıma aviaşirkətidir. Şirkət Boinq-747-400 tipli müasir yük təyyarələrindən istifadə edərək beynəlxalq xətlərlə 91 hava limanına uçuşlar həyata keçirir. Onun 46 ölkədə 60-dan çox ofisi var.
“Azərbaycan hava yolları” dövlət konserninin baş direktoru Cahangir Əskərov və “Karqolüks”ün vitse-prezidenti Pyer Vesner qarşılıqlı əməkdaşlıq haqqında müqaviləni imzaladıqdan sonra keçirilmiş mətbuat konfransında bildirilmişdir ki, Lüksemburqdan Bakıya və buradan da Şanxaya uçuşlar həftədə üç dəfə yerinə yetiriləcəkdir.
Adətən, bu şirkətin əməkdaşları uçuşların həyata keçiriləcəyi ölkəni uzun müddət öyrənirlər. Azərbaycanı öyrənməyə isə cəmi doqquz ay kifayət etmişdir.
Dövlət konserninin baş direktoru Cahangir Əskərovun sözlərinə görə, “Karqolüks”ün təyyarələri Bakıya, əsasən, neft sənayesi avadanlığı gətirəcəklər. Bu şirkət üçün heç bir imtiyaz nəzərdə tutulmamışdır və o, “Azərbaycan hava yolları”nın bütün xidmətlərinə üst-üstə ayda bir milyon ABŞ dolları ödəyəcəkdir. Boinq-747-400 tipli təyyarələrə xidmət göstərilməsi Azərbaycan Prezidenti Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mülki aviasiyada gerçəkləşdirilmiş layihələr nəticəsində mümkün olmuşdur.
Cənab Pyer Vesner “Karqolüks”ün öz reyslərinin tranzit məntəqəsi kimi nə üçün məhz Bakını seçməsi barədə suala cavab verərkən vurğulamışdır ki, Azərbaycanın Böyük ipək yolunun üstündə, Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi və ölkənin iqtisadi cəhətdən inkişafı şirkət rəhbərliyini nümayəndəliyini məhz burada açmağa sövq etmişdir. “Biz yeni müstəqillik qazanmış bir çox ölkələrdə olmuşuq. Lakin Azərbaycanda gördüklərimiz, onun mülki aviasiyasının uğurlu inkişafı bizi heyran etmişdir”.
Azərbaycan baş nazirinin müavini Abid Şərifov mərasimdə iştirak etmişdir.