REGİONLAR
BİOMÜXTƏLİFLİYİN QORUNUB SAXLANILMASI HƏR BİRİMİZDƏN ASILIDIR
Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunun baş direktoru Emil Frison AZƏRTAC-ın müxbirinə demişdir ki, aqrobiomüxtəliflik ərzaq təhlükəsizliyi, ekosistemin saxlanılması, o cümlədən təbiətin mühafizəsi üçün çox vacibdir. Bitki və heyvan növləri, onların sortu, forma və hibridləri qlobal biomüxtəlifliyin mühüm tərkib hissələridir və kənd təsərrüfatı sistemlərinin davamlılığına, yerli əhalinin sağlamlığına, həyat təminatına, xammal təchizatına, gəlirlərinin artmasına xidmət edir. Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda 8100 bitki növü qeydə alınmışdır. Onların 890-ı endemikdir. Məsələn, yemişin dadı və ətri, almanın, narın, armudun, üzümün zahiri görkəmi dəyərli hermoplazma nümunələridir. Təəssüf ki, bu genetik müxtəlifliyin potensialından hələ tam istifadə olunmur.
Aqrobiomüxtəlifliklə bağlı problemlər də çoxdur. Onlardan ən narahatlıq doğuranı genetik eroziyadır. Milli “Qırmızı kitab”lara görə, hazırda 400-dən artıq bitki növü itmək ərəfəsindədir. Səbəb əkin torpaqlarının korlanması, müasir bitkilərin yeknəsəqliyi, müntəzəm surətdə baş verən quraqlıq, şoranlaşma, meşələrin qırılmasıdır.
Çıxış yolu alimlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının əlbir fəaliyyətində, problemə bioregional yanaşmada, genetik ehtiyatların, o cümlədən təbii ekosistemlərdə biomüxtəlifliyin qorunub saxlanmasında, bitkilərin genetik bazasının, becərilən bitkilərin isə çeşidinin genişləndirilməsində, ənənəvi biliklərin sənədləşdirilib yayılmasındadır. Biomüxtəlifliyin saxlanması hər bir şəxsdən asılıdır.