CƏMİYYƏT


BMTİP bioloji müxtəlifliyin qorunmasına dair Milli Strategiyanın təsdiqini dəstəkləyir

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

BMT İnkişaf Proqramı (BMTİP) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqini dəstəkləyir.

BMT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, BMTİP rezident nümayəndəsi Qulam İshaqzai hökumətlə əməkdaşlığın qarşıdakı beş il ərzində gücləndirilməsində Milli Strategiyanın rolunu vurğulayaraq deyib: “Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ümumiyyətlə, ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP ilə hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik və eko-sistemin idarə edilməsində Qlobal Ekologiya Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək”.

Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planı həyata keçirildikdən sonra Azərbaycanda qorunan ərazilərin sahəsi 5 faizdən 10,3 faizə, meşə örtüyü sahəsi isə 11,4 faizdən 11,8 faizə qədər artıb. Azərbaycanda artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park yaradılır.

Azərbaycan hökuməti ikinci Milli Strategiyanı BMTİP ilə sıx tərəfdaşlıq çərçivəsində iki il ərzində hazırlayıb. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və bu sahədə cəmiyyətin maarifləndirilməsidir.

Qulam İshaqzai bildirib ki, “Milli Bioloji müxtəlifliyə dair Strategiya Azərbaycan Hökumətinə ölkədə suda (DİM 14) və quruda həyat (DİM 15) üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu hədəf ilinədək uğurla reallaşdırmasına dəstək verəcək”.

Təsdiq edilmiş Milli Strategiya Bioloji Müxtəliflik üzrə Konvensiya ilə sıx bağlıdır. Bu Konvensiya dünya ictimaiyyətinin dayanıqlı inkişafa olan öhdəliyi nəticəsində hazırlanıb və 1993-cü il iyunun 4-də 168 üzv ölkənin imzası ilə qəbul edilib. Azərbaycan Konvensiyaya 2000-ci ilin martında qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.