SİYASƏT
BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını alqışlayır
Bakı, 10 oktyabr, AZƏRTAC
BMT Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisi Prezident İlham Əliyevin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərmanını müsbət qarşılayır.
AZƏRTAC xəbər verir ki, ofisin bununla bağlı bəyanatında hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunluq ifadə edilir.
Vurğulanır ki, Azərbaycandakı BMT sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklüziv prosesin baş tutacağına ümid edir.
Azərbaycan BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç kəsin bu prosesdən kənarda qalmamasına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.