DÜNYA
BMT Baş Assambleyasının keçmiş sədri həbs edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ-ın Nyu-York ştatının cənub dairəsinin federal prokurorluğu 2013-cü ildən 2014-cü ilədək BMT Baş Assambleyasının 68-ci sədri olmuş 61 yaşlı Con Eşin həbs edildiyini bildirib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Con Eş bir neçə çinli biznesmendən pul və xidmət şəklində rüşvət almaqda günahlandırılır. Məsələn, bu yolla onun evində 30 min dollar dəyərində basketbol kortu tikilib. Prokurorların sözlərinə görə, Nyu-Yorkda yerləşən qeyri-hökumət təşkilatlarından biri “iqlim dəyişiklikləri üzrə məsləhətçi” kimi fəaliyyət göstərən və əslində heç bir iş görməyən Eşin həyat yoldaşına ayda 2,5 min dollar maaş ödəyib.
Prokurorluq Eşin ümumilikdə 1,3 milyon dollar rüşvət aldığını iddia etsə də, onu korrupsiyaya görə deyil, Amerika vergilərindən yayındığına görə məhkəməyə cəlb edib. İddialara görə, diplomat olduğu müddətdə toxunulmazlıq hüququna malik Eş 2013-cü ildə həyat yoldaşı ilə birgə gəlirlərini 462 350 dollara, 2014-cü ildə isə təxminən 796 329 dollara qədər az göstərib. Günahı sübut olunarsa, Con Eş 6 ilədək həbs cəzasına məhkum edilə bilər.
Eşlə birgə Dominikan Respublikasının BMT-dəki nümayəndəsinin müavini 45 yaşlı Fransis Lorenzo, 67 yaşlı çinli milyarder Nq Lap Sen, onun köməkçiləri 27 yaşlı Cef İn, 57 yaşlı Şivey Yan və 52 yaşlı Heydi Hun Pao da məhkəməyə cəlb olunub.
“New York Times” qəzetinin məlumatına görə, Eşin məhkəmə işi keçmiş qalmaqallardan sonra daha şəffaf və məsuliyyətli davranacağını vəd edən BMT-nin etimadına böyük zərbə vura bilər. Bu qalmaqallardan ən böyüyü 10 il bundan qabaq qurumun İraqdakı “Ərzaq əvəzinə neft” proqramı ilə bağlıdır.