DÜNYA
BMT: Qonşu ölkələrə qaçan ukraynalıların sayı 800 min nəfəri keçib
Bakı, 21 aprel, AZƏRTAC
Donbasda silahlı münaqişə başladıqdan indiyədək qonşu ölkələrə qaçan ukraynalıların sayı 800 min nəfəri keçib.
Bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası üzrə İdarəsinin aprelin 20-də dərc etdiyi məruzəsində bildirilir. Məruzədə, həmçinin son bir həftə ərzində qaçqınların sayının 23,6 min nəfər artdığı da qeyd olunur.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ukraynalı qaçqınların, demək olar ki, 660 min nəfəri Rusiya ərazisində, 81 min nəfəri isə Belarusda rəsmi qeydiyyatdan keçib.
Aprelin 15-nə olan məlumata görə, Donbasdan Ukraynanın digər regionlarına gedən məcburi köçkünlərin sayı isə 1 milyon 228 min nəfərə çatıb.
Təşkilatın məlumatına əsasən, Ukraynanın şərqində silahlı münaqişənin davam etdiyi bir il ərzində ümumilikdə 6 116 nəfər həlak olub, 15,5 min nəfər yaralanıb. BMT-nin Ukraynada fəaliyyət göstərən insan haqlarına nəzarət missiyası və Dünya Səhiyyə Təşkilatı isə həlak olanların real sayının göstəriləndən xeyli çox olduğunu hesab edir.