REGİONLAR
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi və TÜRKSOY-un baş katibi Qəbələdə olub
Qəbələ, 29 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və TÜRKSOY-un baş katibi Düsen Kaseinov tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti səfər zamanı qədim və müasir Qəbələ şəhəri, müasir istehsal müəssisələri, rayonun tarixi və mədəniyyət abidələri, istirahət mərkəzləri ilə yaxından tanış olublar.
Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzi, rayon tarix-diyarşünaslıq muzeyi, Qəbələ Mədəniyyət Mərkəzi, Qəbələ şəhər məscidi, qədim Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzlə tanışlıq zamanı qonaqlara həm də rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları çərçivəsində icra olunan müxtəlif layihələr və bütün sahələrdə nəzərəçarpan uğurlar haqqında məlumat verilib.
Bildirilib ki, rayonun turizm və kənd təsərrüfatı sahəsindəki potensial imkanlarından səmərəli istifadə edilir, son illər Qəbələdə həyata keçirilən infrastruktur layihələri və təşkil edilən beynəlxalq tədbirlər çərçivəsində rayona səfər edən turistlərin sayı ildən-ilə artır. Azərbaycan xalqının milli-adət ənənələri ilə maraqlanan nümayəndə heyətinin üzvləri təndir çörəyinin dadına baxıblar.
Qonaqları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müşayiət edib.