DÜNYA
BMT Təhlükəsizlik Şurası Sinay yarımadasındakı terror aktlarını pisləyir
BMT Təhlükəsizlik Şurası Sinay yarımadasında Misir əsgərlərinə qarşı törədilən terror aktlarını pisləyib. Terror hücumları Sinayın şimalında, Şeyx Züveydə və El-Arişedə hərbi blokpostlarda törədilib.
Yerli KİV-lərin yazdığına görə, BMT TŞ-nin xüsusi bəyanatında günahkarların məsuliyyətə cəlb olunmasından danışılır. Bəyanatda dünya ölkələrinə terror aktını törədənlərin ədalət məhkəməsinə cəlb edilməsi üçün Misirin hakimiyyət orqanları ilə beynəlxalq hüquq çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərmək çağırışı yer alıb.
Misir KİV-lərinin ölkənin Səhiyyə Nazirliyinə istinadla yaydıqları son məlumata görə, terrorçuların hücumları nəticəsində həlak olanların sayı hazırda 33 nəfərə çatıb, onlarca adam müxtəlif dərəcəli xəsarət alıb.
Xatırladaq ki, yaranmış vəziyyətlə əlaqədar Misirin hakimiyyət orqanları Sinay yarımadasının şimalında komendant saatı tətbiq ediblər. Yarımadada komendant saatı, ölkədə üçgünlük milli matəm elan olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə