CƏMİYYƏT


BMT Uşaq Fondunun və BAMF-ın rəsmiləri regionlara səfər ediblər

Bakı, 18 may, AZƏRTAC

BMT Uşaq Fondunun və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində Goranboy, Tərtər və Bərdə rayonlarına səfər ediblər.

BAMF-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə BMT Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, yeniyetmə və gənclərin işləri üzrə mütəxəssislər Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, fondun əməkdaşı və Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin əlaqələndiricisi Qiyas Abasov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, icra hakimiyyəti aparatlarının rəsmi şəxsləri, Yeniyetmə və Gənclərdən ibarət Məşvərət Şuralarının üzvləri iştirak ediblər.

Səfərin məqsədi Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində formalaşdırılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət Şuraları və onların fəaliyyəti ilə tanış olmaq, icra hakimiyyətləri ilə şuralar arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsi idi. Görüşlərdə Məşvərət Şuraları ilə icra hakimiyyətləri arasında UNICEF və BAMF rəsmilərinin də iştirakı ilə gələcək fəaliyyətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr çərçivəsində Məşvərət Şuralarının təmsil etdikləri rayonların cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrindəki məktəblərdə Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə mövzusunda təlimin keçirilməsi, icra hakimiyyətləri ilə birlikdə layihələrin reallaşdırılması haqqında razılıq əldə olunub.

Görüşlərdə cəmiyyətin və dövlətin inkişafında gənclərin oynadığı rol haqqında danışılıb, o cümlədən Azərbaycan Hökumətinin son zamanlar bu sahədə apardığı irimiqyaslı işlərin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində UNICEF rəsmiləri Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün salınan yeni yaşayış məntəqəsində gedən tikinti işləri ilə də tanış olublar.

Tərtərdə keçirilən görüşdə BAMF və UNICEF tərəfindən birgə hazırlanan videoçarx nümayiş olunub.

Nümayəndə heyəti üzvləri, həmçinin cəbhə bölgəsində yerləşən Qapanlı kəndinin orta məktəbində müəllim və şagirdlərlə görüşüblər. Məktəbə dərs vəsaitləri və avadanlıqlar hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi 2011-ci ildən Azərbaycanın 21 rayonunda həyata keçirilir.

Hazırkı mərhələ Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin Azərbaycan Hökumətinə rəsmi olaraq təhvil verilməsi üçün hazırlıq işlərini nəzərdə tutur. Layihə çərçivəsində artıq bir sıra fəaliyyətlər həyata keçirilib. Belə ki, Məşvərət Şurası üzvləri liderlik, mina təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərində iştirak ediblər.

Növbəti aylarda isə Şura üzvlərinə multimedia, uşaq hüquqları konvensiyası, fəlakət risklərinin azaldılması mövzularında təlimlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.