DÜNYA
BMT: dünyada evlərini tərk etməyə məcbur olmuş 65,6 milyon insan var
Bakı, 19 iyun, AZƏRTAC
2016-cı ilin sonuna görə bütün dünyada təqiblər, münaqişələr, zorakılıq və insan hüquqlarının pozulması nəticəsində 65,6 milyon məcburi köçkün qeydə alınıb. Bu, 2015-ci illə müqayisədə 300 min nəfər çoxdur və statistikanın keçirildiyi müddət ərzində rekord göstərici sayılır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinin iyunun 19-da dərc olunan illik məruzəsində deyilir. Məruzəyə əsasən, öz evlərini tərk etməyə məcbur olmuş 22,5 milyon nəfər xarici ölkələrdə sığınacaq tapıb və qaçqın statusuna malikdir, 40,3 milyon nəfər ölkələri daxilində məcburi köçkün həyatı yaşayır, 2,8 milyon nəfər isə öz ölkəsinin xaricində sığınacaq almağa çalışır.
BMT-nin qaçqınların işi üzrə ali komissarı Filippo Qrandi mətbuat konfransında çıxış edərkən keçən il 7 milyon qaçqının öz evlərinə qayıtdığını və onların yerinə 10 milyon yeni və “təkrar” qaçqın köçünün əmələ gəldiyini bildirib.
Ən böyük qaçqınlar qrupunu – 5,5 milyon nəfəri suriyalılar təşkil edir. Bundan başaq, Suriyanın 6,3 milyon sakini də məcburi köçkün həyatı yaşayır. Beləliklə, Suriya əhalisinin yarıdan çoxu öz evlərini tərk etmək məcburiyyətində qalıb: hər 1000 nəfərə 650 qaçqın və məcburi köçkün düşür.
Məcburi köçkünlərin sayına görə ikinci yeri Kolumbiya (7,7 milyon nəfər) tutur. Onun ardınca Əfqanıstan (4,7 milyon), İraq (4,2 milyon), Cənubi Sudan (3,3 milyon), Sudan (2,9 milyon), Konqo Demokratik Respublikası (2,9 milyon), Somali (2,6 milyon), Nigeriya (2,5 milyon), Ukrayna (2,1 milyon) və Yəmən (2,1 milyon) gəlir.