REGİONLAR


BMT ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərdə Aqrar Universiteti ilə əməkdaşlıq edəcək

A+ A

Gəncə, 25 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) "Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi" mövzusunda keçirilən forum çərçivəsində qurumun Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin davamlı inkişaf üzrə müavini Kaveh Zahidi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov son illərdə universitetin faydalı əməkdaşlıq münasibətləri qurduğu ölkələr barədə qonağa ətraflı məlumat verib.

Rektor bildirib ki, xarici əməkdaşlığa önəm verən ADAU aqrar sahə üzrə yeganə və ilk ali təhsil ocağı kimi beynəlxalq konfransların keçirilməsini, tələbə və müəllimlərin xarici universitetlərdə akademik mobilliyə qoşulmasını prioritet məsələ hesab edir.

Qeyd olunub ki, müasir dünyadakı qlobal problemlərlə mübarizə aparmaq, eləcə də milli təhlükəsizliyin vacib sahələrindən olan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır.

Kaveh Zahidi dəvətə və əməkdaşlığa göstərilən marağa görə rektora təşəkkürünü bildirib. O deyib ki, qlobal məqsədlərə nail olmaq üçün, ilk növbədə, onu təmin edəcək əlverişli mühitə ehtiyac var. Bu mühit isə yüksək səviyyəli texnika və texnologiyaların cəlb edilməsini tələb edir. Vurğulanıb ki, BMT-nin kənd təsərrüfatı üzrə ixtisaslaşmış qurumunun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) olmasına baxmayaraq, Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) da xüsusilə davamlı inkişaf və ərzaq təhlükəsizliyi məsələləri baxımından kənd təsərrüfatı ilə yaxından əlaqəsi var.

Qonaq, eyni zamanda, dünyadakı aclıq və səfalətin əsasında ərzaq təhlükəsizliyi probleminin dayandığını, insanların kifayət qədər informasiyaya malik olmadığını və buna görə də ölkələrin davamlı inkişaf məqsədləri naminə birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edilib ki, yeni qəbul edilən strateji plana görə, ərzaq təhlükəsizliyi, davamlı inkişaf məsələləri artıq kənd təsərrüfatı və bu kimi sektorlardan kənar müstəqil bir bölmə kimi öyrənilir və nəzərə alınır.

Kaveh Zahidi Aqrar Universitetdə layihələrin həyata keçirilməsinə kömək göstərəcəyini deyib.

Sonda qonaq universitetin mühəndislik korpusu ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.