SİYASƏT


BMT-nin Əhali Fondu Azərbaycan hökumətinin vacib humanitar tərəfdaşlarından biridir

A+ A

Bakı, 5 avqust, AZƏRTAC 

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun (UNFPA) yeni rezident nümayəndəsi statusunda təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Qulam İshaqzaini BMT-nin Əhali Fondunun Azərbaycanda rezident nümayəndəsi təyin olunması münasibətilə təbrik edib, ona bu statusda gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qulam İshaqzai təyinat məktubunu nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Əhali Fondunun ölkəmizə göstərdiyi dəstək və yardımı təqdir edərək Fondun Azərbaycan hökumətinin vacib humanitar tərəfdaşlarından biri olduğunu bildirib.

Həmçinin BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin keçən il Azərbaycana səfərinin təşkilatla əlaqələrin inkişafına təkan verdiyi və səfər zamanı ADA Universiteti ilə BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əməkdaşlıq çərçivəsinə təhsil, informasiya və kommunikasiya texnologiyaları kimi yeni ölçülər əlavə etdiyi qeyd olunub.

Qulam İshaqzai BMT-nin müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsi, ölkəmizin inkişaf sahəsində əldə etdiyi təsirli nəticələri, o cümlədən sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsini vurğulayıb.

Elmar Məmmədyarov məcburi köçkünlər məsələsinə və bu sahədə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərə toxunaraq BMT-nin Əhali Fondunun fəaliyyətində onların problemlərinə xüsusi diqqətin ayrılmasının vacibliyini ifadə edib.

Görüşdə BMT-nin Rezident Əlaqələndirici Ofisinin fəaliyyətinə aid olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.