CƏMİYYƏT


BMT-nin Əhali Fondu növbəti illik hesabatını dərc edib

Bakı, 19 iyul, AZƏRTAC

BMT-nin Əhali Fondu 2016-cı ili əhatə edən “Milyonlarla dəyişilmiş həyat” adlı illik hesabatını dərc edib. İllik hesabat milyonlarla qadın və gənclərin sağlamlığının qorunması və hüquqlarının təşviqi, eləcə də onların potensiallarının reallaşması üçün BMT-nin Əhali Fondunun keçən il ərzində gördüyü işlərə və nəticələrə həsr olunub.

BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, hesabat şərti olaraq altı hissəyə bölünüb. Bu bölmələr Ərəb, Şimali və Şərqi Afrika, Mərkəzi və Qərbi Afrika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, Asiya və Sakit okean və Latın Amerika regionlarını əhatə edir.

Şərqi Avropa və Mərkəzi Asiya əsasən orta gəlirli əhəmiyyətli vəsaitlər və müvafiq dövlət xidmətləri və infrastruktur səviyyəsinə malik ölkələrdən ibarətdir. Bu isə öz növbəsində antenatal qulluğun keyfiyyətinin region üzrə təxminən eyni səviyyədə olmasına və 1990-cı illərin əvvəllərindən etibarən ana ölümlərinin sayının yarıdan çox azalmasına səbəb olub. Lakin iqtisadi bərabərsizliklər və iş imkanlarının məhdud olması bu ölkələrdə miqrasiyanın artmasına səbəb olmaqla yanaşı, bir çox ailələrin istədikləri qədər çox uşağa sahib ola bilməməsi və cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışına əngəllər törədir. Ən çox həssas qruplara aid milli azlıqlar, qaçqınlar, miqrantlar, gənclər və kasıb təbəqəyə aid şəxslər öz reproduktiv hüquqlarının reallaşmasında və dolğun məlumatlara çıxışda xüsusi problemlərlə üzləşirlər. Regionda 17 milyona yaxın qadının hələ də müasir kontrasepsiyaya çıxışı məhduddur. Onların böyük əksəriyyəti ənənəvi kontrasepsiya metodlarından istifadə edir. Bu isə arzu olunmayan hamiləlik və cinsi yolla keçən infeksiyalara yol açır. Təəssüf ki, Cənub-Şərqi Avropa və Cənubi Qafqazın əksər ölkələrində müasir kontraseptivlərin istifadəsi dünyanın ən az inkişaf etmiş ölkələrindəki orta səviyyədən aşağıdır.

Regionda hər min diri doğuşa 257 abort düşür. Hər il 443 min yeniyetmə uşaq dünyaya gəlir, bu isə Qərbi Avropadakı göstəricilərdən üç dəfə çoxdur. Bundan başqa, qadınlara qarşı diskriminasiya, gender əsaslı zorakılıq və cinsə görə doğulan uşaqların nisbətinin pozulması gender ayrı-seçkiliyinin əsas təzahürü olmağa davam edir.

Bundan əlavə, hesabatda 2016-cı ildə regionumuzda həyata keçirilən layihələrdən də bəhs edilib. Belə ki, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların aradan qaldırılması, gənclərin reproduktiv və cinsi sağlamlıq hüquqları barəsində məlumatlandırılması və s. hesabatda öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.