SİYASƏT
BMT-nin Avropa İqtisadi Komissiyasının iclasında Azərbaycan reallıqlarından bəhs edilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar, Nəqliyyat, Energetika nazirliklərinin, Dövlət Gömrük, Əmlak Məsələləri Dövlət komitələrinin, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) 66-cı iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasın ilk günü “Dəyişiklik dövründə davamlı inkişaf üzrə fəaliyyətə hazırlıq” mövzusuna həsr edilən yüksək səviyyəli seqment çərçivəsində məruzəçi qismində çıxış edən M.Məmmədquliyev ölkəmizin son illər ərzində əldə etdiyi nailiyyətlər və gələcək planlar barədə danışıb. O, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib. Nazir müavini ölkəmizin iştirak etdiyi Cənub-Cənub və Üçbucaq Əməkdaşlıq çərçivəsində fəaliyyəti və ehtiyacı olan ölkələrə donor dəstəyi barədə də söhbət açıb. O, Azərbaycanda qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamlı inkişaf məqsədlərinə nail olmaq baxımından ölkəmiz üçün vacib istiqamətverici sənəd olduğunu bildirib.
Nazir müavini UNECE çərçivəsində qəbul edilmiş ətraf mühit konvensiyalarının qeyri-region ölkələrinin qoşulması üçün açılmasının Azərbaycan tərəfindən müsbət qarşılandığını bildirib, region ölkələrinin bu konvensiyalara qoşulmasının vacib olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın su sərvətləri baxımından aşağı axın ölkə olduğunu bildirərək qonşu ölkələrdən Azərbaycan ərazisinə daxil olan suların zərərli maddələr və radioaktiv elementlərlə çirklənməsinin ciddi təhlükə olduğunu vurğulayıb. Bu suların qorunmasını təmin etmək məqsədilə sərhədyanı ölkələrin UNECE çərçivəsində mövcud olan Su Konvensiyasına qoşulması istiqamətində UNECE tərəfindən səylərin artırılmasına çağırıb.
Nazir müavini BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə baxmayaraq, iyirmi ildən artıqdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdiyi barədə danışaraq 2015-ci ildən sonrakı inkişaf gündəliyində öz əksini tapacaq məqsədlərə nail olmaq üçün UNECE regionunda mövcud olan bu kimi münaqişələrin tezliklə həll olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində aparılmış müzakirələrdə fəal iştirak edib.
Səfər çərçivəsində, həmçinin M.Məmmədquliyev BMT-nin Cenevrə şəhərindəki ofisinin rəhbəri Mişel Moler, UNECE-nin icraçı katibi Kristian Fris Bax, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi və BMT-nin Ətraf Mühit üzrə Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusik ilə görüşlər keçirib.