ELM VƏ TƏHSİL
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Naxçıvan Dövlət Universitetində olmuşdur
Bakı, 16 may (AZƏRTAC). BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Antonius Brukun rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikaya rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olmuşdur.
NDU-nun mətbuat şöbəsinin müdiri Mehriban Sultan AZƏRTAC-a bildirmişdir ki, universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə qonaqları salamlayaraq ali məktəb haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, 1967-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti Azərbaycanda, o cümlədən muxtar respublikada elm və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan və dünyada tanınan ali təhsil ocağıdır.
Hazırda universitetdə 11 fakültədə, 52 ixtisas üzrə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. NDU-da ali təhsilin bakalavr, magistratura, doktorantura və rezidentura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Universitet məzunlarının müvafiq iş yerləri ilə təmin olunmasına xüsusi diqqət göstərilir. Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, İpək Yolu və Qafqaz Universitetləri cəmiyyətləri, Qara Dəniz Ölkələri Universitetləri Birliyinin üzvü olan bu ali məktəb dünyanın 80 tanınmış universiteti ilə beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı, NATO, BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla birgə layihələrin hazırlanması və tətbiqində uğurla iştirak edir. Bolonya prosesinin tələblərinə uyğun olaraq tələbə mobilliyinin artırılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. NDU-nun elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov bildirmişdir ki, hazırda universitetdə 400-dən artıq professor-müəllim heyəti, AMEA-nın 6 nəfər həqiqi və müxbir üzvləri, 22 professor, 32 elmlər doktoru fəaliyyət göstərir.
Qonaqlara universitetdə elmi-pedaqoji kadr hazırlığı, keçirilən beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar, “ERASMUS MUNDUS” və TEMPUS layihələri çərçivəsində 2 nəfərin xaricdə doktorantura təhsili alması barədə də məlumat verilmişdir.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Bruk təmsil etdiyi qurumun Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə təhsilin inkişafı və inteqrasiyası istiqamətində gördüyü işlərdən danışmış, Naxçıvan Muxtar Respublikasındakı dinamik sosial-iqtisadi inkişafı, ali təhsil quruculuğunu yüksək qiymətləndirmiş, NDU ilə əlaqələrin inkişafının əhəmiyyətini vurğulamışdır.
Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili, BMT-nin İnkişaf Proqramının layihələr üzrə meneceri Məzahir Əfəndiyevin iştirakı ilə keçirilən görüşdə dünyada ali təhsilin müasir vəziyyəti, universitetdə jurnalistikanın inkişafı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yay məktəblərinin təşkili, müştərək tədbirlərin keçirilməsi ilə bağlı layihələr təklif olunmuş, digər tərəfdaşlıq məsələləri müzakirə edilmişdir.
Qonaqlar universitetin maddi-texniki bazası, tədris prosesi ilə tanış olmuşlar. Onlar beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya-kommunikasiya vasitələri ilə təchiz olunmuş linqvistika auditoriyalarını, Tərcümə Tədris Mərkəzini, “Diplomatiya” kabinəsini, həmçinin magistratura üzrə dekanlığın tədris binasını, Tələbə evi və qonaq evini, təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tədris binasını gəzmiş, universitetin maddi-texniki bazası, təhsilin və tədrisin yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşmüşlər.