ELM VƏ TƏHSİL
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi diplomatik sahədəki təcrübəsini tələbələrlə bölüşüb
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Diplomatlar Klubunun “Səfirdən gələcək səfirə” layihəsi çərçivəsində növbəti qonağı Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Q.İsakzai ilə görüşən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova bu ali məktəbin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışıb, burada müxtəlif dillərin tədris olunduğunu vurğulayıb. Bildirilib ki, ADU dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq edir və universitetlərarası müəllim-tələbə mübadiləsini həyata keçirir.
Səmimi görüşə görə minnətdarlığını bildirən Q.İsakzai ADU ilə tanışlıqdan məmnunluğunu ifadə edib. O, tələbələrlə görüşüb diplomatik sahədə onlarla təcrübələrini bölüşəcəyini qeyd edib.
Q.İsakzai tələbələrə “Çoxsahəli diplomatiyada BMT-nin töhfələri” mövzusunda mühazirə oxuyub. Diplomatik fəaliyyətindən danışan qonaq BMT-nin gördüyü işlər barədə də məlumat verib. O, təmsil etdiyi qurumun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradıldığını bildirib. BMT-nin dövlətlərarası təşkilat olduğunu deyən Q.İsakzai bu qurumun məqsədləri, prinsipləri barədə də danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.