İQTİSADİYYAT
BMT-nin Baş Məclisi tranzit nəqliyyat dəhlizlərinin inkişafına dair qətnamə qəbul edib
Bakı, 20 dekabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş Məclisi Türkmənistanın təşəbbüsü ilə hazırlanmış “Davamlı inkişaf üçün Beynəlxalq əməkdaşlığın təmin edilməsində tranzit nəqliyyat dəhlizlərinin rolu” adlı qətnaməni Baş Məclisin İkinci Komitəsinin tövsiyəsinə əsasən qəbul edib.
Bu sənəd avtomobil, dəmir yol, dəniz və hava yollarını intermodal loqistika mərkəzləri və quru yollarındakı limanlar vasitəsilə əlaqələndirən nəqliyyat şəbəkələri formalaşmasının əsasını qoyur.
Qətnamənin müddəalarında 2014-cü ilin sentyabrında qəbul edilmiş Aşqabad bəyannaməsinin nəqliyyat və tranzit kommunikasiyalarının inkişafına kompleks yanaşma formalaşmasını nəzərdə tutan əsas elementləri öz əksini tapıb.
Qətnamə beynəlxalq valyuta-maliyyə təsisatları tərəfindən maliyyə və texniki resursların səfərbər edilməsini nəzərdə tutur.
Sənəddə Baş Katibə BMT-nin üzvü olan ölkələrlə və BMT sisteminə daxil olan müvafiq idarələrlə məsləhətləşərək BMT Baş Məclisinin 2015-ci ildə keçiriləcək 70-ci sessiyası üçün bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolları barədə məruzə hazırlamaq təklif olunur.
Sənəd BMT-nin üzvü olan bütün dövlətlər tərəfindən bəyənilib və konsensus yolu ilə qəbul edilib.