REGİONLAR
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri gənclər arasında təbliğ edilir
Bakı, 25 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunub.
“Bizim Gənclik” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icrasına başlanılan “Ətraf Mühit və Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi gənclərimizin bu qlobal prosesə cəlb olunması, onların Dayanıqlı İnkişaf Məqsədlərinin xüsusilə də ətraf mühitin dayanıqlığının təmin edilməsini özündə əks etdirən məqsədlərin reallaşdırılmasında rolunun artırılmasına hədəflənib.
“Bizim Gənclik” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, layihə çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər arasında təbliği üçün Qax, Şəki, Zaqatala və Balakən rayonlarında silsilə təlimlərin keçirilməsi, eyni zamanda, layihənin effektivliyinin daha da artırılması, lazımi sosial mesajın çatdırılması məqsədilə Dayanıqlı İnkişaf Məqsədləri və ətraf mühit problemlərini əhatə edən video-çarxın çəkilməsi nəzərdə tutulub.
Layihənin əsas məqsədi yerüstü ekosistemlərin dayanıqlılığının qorunması, meşələrin dayanıqlı idarə olunması, dənizlərdən və dəniz resurslarından səmərəli istifadənin təmin edilməsində, eyni zamanda, iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmağı özündə əks etdirən Dayanıqlı İnkişaf Məqsədlərinin 13, 14 və 15-ci məqsədləri haqqında gənclərin maarifləndirilməsi, onların BMT tərəfindən qəbul olunan bu qlobal məqsədlərin reallaşdırılmasında rolunun artırılmasından ibarətdir.
Təlimlərdə və sosial videoçarxın çəkilişində iştirak etmək istəyən gənclər öz CV-lərini iyunun 1-dək [email protected] ünvanına göndərə bilərlər.