İQTİSADİYYAT


BMT-nin Dayanıqlı İnkişaf Qrupu bu istiqamətdə Azərbaycan hökumətinə dəstək verməyə hazırdır

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupu dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan hökumətinə dəstək verməyə hazırdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 11-də BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri Corc Buma ilə keçirdiyi görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. T.Budaqov dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Fərmanının əhəmiyyətini xüsusi vurğulayıb.

Komitənin sədri qeyd edib ki, Dövlət Statistika Komitəsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), UNESCO və Dünya Bankı kimi qurumlarla səmərəli əməkdaşlıq edir. T.Budaqov milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən söhbət açıb. O, sentyabrın 12-16-da Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsinin nəticələrini diqqətə çatdırıb.

BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri C.Buma qlobal məqsədlərin Azərbaycan Respublikasında səmərəli həyata keçirilməsi yolunda dayanıqlı inkişafın təmin edilməsində hökumətin həyata keçirdiyi tədbirləri, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qiymətləndirib. O, Dayanıqlı İnkişaf Qrupu olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan hökumətinə dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupu arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb, kollektiv təşəbbüsə qoşularaq, ölkəmizi daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.