CƏMİYYƏT
BMT-nin Ebola əleyhinə mübarizə missiyası bu gündən bütün səlahiyyətlərini Dünya Səhiyyə Təşkilatına verib
Bakı, 1 avqust, AZƏRTAC
2014-cü ildə BMT Baş Məclisi tərəfindən təsis edilən Ebolaya fövqəladə reaksiya missiyası Qərbi Afrikada xəstəlik ocaqlarına qarşı mübarizədə əsas vəzifələrini yerinə yetirib və bu məsələ ilə bağlı bütün səlahiyyətlərini Dünya Səhiyyə Təşkilatına verib.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT-nin ölümcül virusa qarşı təxirəsalınmaz mübarizə üzrə bütün fəaliyyətinə avqustun 1-dən bilavasitə qurumun baş direktoru Marqaret Çan rəhbərlik edəcək.
BMT-nin Baş katibi Pan Gi Mun vurğulayıb ki, qurumun müvafiq agentlikləri, fondları və proqramları, o cümlədən Humanitar Məsələləri Əlaqələndirmə İdarəsi və BMT-nin Liberiya missiyası beynəlxalq tərəfdaşların dəstəyi ilə bütün zəruri tədbirləri görüblər. BMT başçısı bildirib ki, BMT-nin Ebola üzrə böhran-menecerləri virusdan zərər çəkən bölgələrdə DST-nin rəhbərliyi ilə işləməyə davam edəcəklər. Pan Gi Mun deyib: “Liberiyada Ebola ilə bağlı fövqəladə vəziyyətə reaksiya üzrə BMT-nin fəaliyyətinə xüsusi nümayəndəm və əlaqələndiricim nəzarət edəcək. BMT Qvineya, Liberiya və Syerra-Leone hökumətlərinin Ebola üzərində tam qələbəyə yönələn səylərinə dəstəyini davam etdirəcək”.
DST nümayəndələri Ebola virusuna qarşı vaksinin növbəti sınaqlarının müvəffəqiyyətlə başa çatması barədə məlumat veriblər. Sınaqların nəticələrini çox ümidverici adlandıran DST-nin başçısı Marqaret Çan qeyd edib ki, qazandıqları nailiyyətdə əsas xidmət Qvineya xalqına və hökumətinə məxsusdur.