SİYASƏT
BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin sessiyasında Azərbaycanda həyata keçirilən islahatlardan danışılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyası keçirilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı sessiyada çıxış edərək Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş hüquqların təmini və müdafiəsi sahəsində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda, ombudsmanın bu sahədə fəaliyyəti barədə məlumat verib. O, həmçinin Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın həyata keçirilməsi sahəsində görülən işlər, BMT mexanizmləri və müqavilə qurumları ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələri, reallaşdırılan birgə layihələr haqqında söhbət açıb. Aparat rəhbəri Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində reallaşdırılan islahatlar, BMT-nin İnsan Hüquqları mexanizmləri, Azərbaycan–BMT əməkdaşlığı və BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi mövzularına həsr olunmuş təlimlər barədə də danışıb.
A.Səfixanlı BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin üzvlərinin ölkədə insan hüquqlarının təmini sahəsində aparılan islahatlara və Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə dair suallarını cavablandırıb.