SİYASƏT


BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin sessiyasında Azərbaycanın dövri hesabatı dinlənilib

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 20-21-də Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyası çərçivəsində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın həyata keçirilməsinə dair Azərbaycan Respublikasının dördüncü dövri hesabatına baxılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

X.Xələfov açılış nitqi ilə Azərbaycanın dövri hesabatını təqdim edib. O, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin edilməsi sahəsində mövcud olan qanunvericilik, görülən işlər və bu istiqamətə yönəldilmiş səylər barədə ətraflı məlumat verib. Nazir müavini sentyabrın 26-da keçirilmiş referendumun nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş düzəlişlərin insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi, səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşması, iqtisadi islahatların səmərəliliyinin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərmanı, “Vətəndaşların müraciətləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanunlar barədə, habelə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında geniş məlumat verib.

Bununla yanaşı, X.Xələfov məhkəmə sisteminin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, insan alverinin qarşısının alınması, məişət zorakılığı ilə mübarizə, miqrasiya və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə danışıb. O, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs edib.

Nazir müavini ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə Azərbaycan Respublikası tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə görülən tədbirlər barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən və mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan “Bakı prosesi” və dövlətimizin başçısının təşəbbüsü ilə aprelin 25-27-də Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu barədə danışıb.

X.Xələfov ərazimizin 20 faizinin hələ də Ermənistanın işğalı altında qalmasını və işğalın insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində əsas maneə olduğunu qeyd edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini bildirən nazir müavini Ermənistan tərəfindən müharibə cinayətlərinin və Xocalı soyqırımının törədildiyini, həmçinin insan hüquqlarının və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, azərbaycanlı mülki əhaliyə qarşı pis rəftarların, müxtəlif işgəncələrin, çoxsaylı edamların edildiyini vurğulayıb.

Komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın komitə ilə əməkdaşlığını, Beynəlxalq Paktın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verilməsini təqdir ediblər.

Sessiya zamanı ölkəmizdə insan hüquqlarının təmin olunması ilə bağlı komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb. Tədbir interaktiv dialoq formasında keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.