BMT-nin “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı üzrə qlobal kampaniyasına Azərbaycanda start verilib
Bakı, 8 dekabr, AZƏRTAC
BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad Al Husseyn Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 70 illiyinə həsr edilən “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı ilə hamını bu il dekabrın 10-dan başlayan bir illik ümumdünya kampaniyasına qoşulmağa dəvət edib. Bu mesajın mahiyyətində hüquq bərabərliyi, ayrı-seçkiliyə yolverilməzlik, hər kəsin iştirakı ilə əməkdaşlığın inkişafına çağırış durur. Bu yanaşmalar elə Azərbaycan təcrübəsində də kütləvilik və ictimai iştirakçılıqla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda Bakıda keçirilən konfransda ombudsman Elmira Süleymanova bu gün həmin kampaniyanı ölkəmizdə bəyan edərək, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması istiqamətində bütün dövlət qurumlarını, beynəlxalq təşkilatları, yerli QHT-ləri, icmaları və KİV-ləri əməkdaşlığa və birgə fəaliyyətə dəvət edib, hər kəsin həmin kampaniyaya qatılmasına start verib. O qeyd edib ki, bu çağırışın təbliği ilə bağlı bu günlərdə çoxsaylı QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş tədbirin keçirilməsi nəzərdə tutulub.
Müvəkkil bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanların, iştirakçılığın və tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq birgə əməkdaşlıqda insan hüquqları sahəsində Azərbaycan modelini yaratmağın vacibliyini bildirib. O deyib ki, mütəşəkkil xarakter daşıyan bu kampaniyanın ölkəmizdə keçirilməsi bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan modelini yaradacaq və bu model başqa ölkələr üçün də örnək olacaq.
Beynəlxalq konfransın sonunda ombudsmanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyi ilə birgə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün” mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinə yekun vurulub. Qaliblərə sertifikatlar və pul mükafatları təqdim edilib.