CƏMİYYƏT
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub
Bakı, 25 fevral, AZƏRTAC
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakıdakı ofisində olub.
BAMF-nin sədri Umud Mirzəyev qonağı rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə tanış edib. O, BAMF-nin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb. Bildirilib ki, Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub. Qeyd olunub ki, BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Bu qrupda təşkilat öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikrokredit proqramları səviyyəsində nümayiş etdirir. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində bacarıqlarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər BAMF tərəfindən müəyyən olunur. Təşkilat daim qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan IOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla görüşür.
Daha sonra BAMF-nin prioritet beynəlxalq layihələrinin vizual təqdimatı olub.
BAMF-nin fəaliyyətini müsbət qiymətləndirən Daq Siqurdson bildirib ki, Azərbaycan hökuməti məcburi köçkün və qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün hər il çoxlu işlər görür. Demək olar ki, bu istiqamətdə hər il 400–500 milyon manat vəsait xərclənir.
D.Siqurdson qeyd edib ki, təkcə BMT QAK-ın Avropa ölkələri üzrə regional nümayəndəliyinin illik büdcəsi 100-144 milyon avrodur. Müqayisədə Azərbaycan hökumətinin qaçqınlar və məcburi köçkünlər üçün nə qədər böyük işlər gördüyü aydın görünür.
Umud Mirzəyev qaçqın və sığınacaq axtaranlara dair problemlərin qabardılması, yaxud təbliğində medianın rolunun mühümlüyünə diqqəti cəlb edib.