REGİONLAR


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Tərtər rayonunda olublar

A+ A

Tərtər, 1 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis, BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai, Ali Komissarlığın hüquq şöbəsinin müdir müavini, məcburi köçkünlər üzrə məsul şəxs Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev didərgin insanların vəziyyəti ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayonun ərazisi 48 kilometr məsafədə qoşunların təmas xətti boyunca yerləşir. Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törədir.

Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar atıblar. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 mülki şəxs yaralanıb, 3 nəfər həlak olub. Düşmən atəşi nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər yenidən evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib.

BMT nümayəndələrinə məlumat verilib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsir, nəticədə 31 min 500 hektar əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu buraxaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən, həmçinin təmas xəttinə yaxın ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

Nümayəndə heyətinə Prezident İlham Əliyevin rayona səfər etməsi, Tərtər şəhərində və təmas xəttindən 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsi, düşmən atəşi nəticəsində rayona dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.

Sonra qonaqlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) regiondakı fəaliyyəti ilə tanış olub, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baş çəkərək, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Qonaqlar ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına da baxıblar.

Bölgəyə səfər çərçivəsində nümayəndə heyəti Bərdə və Ağdam rayonlarında da olub, rayon rəhbərliyi və məcburi köçkünlərlə görüşüb, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun həyata keçirdiyi layihələrlə tanış olub. Sentyabrın 2-də isə Ağcabədidə və laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində görüşlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.