SİYASƏT
BMT-nin Qadınlar Təşkilatı Milli Məclis ilə əməkdaşlıqda maraqlıdır
Oktyabrın 20-də Milli Məclis sədrinin müavini Bahar Muradova Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən BMT baş katibinin köməkçisi və BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini xanım Lakşmi Puri ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirin əhəmiyyətini yüksək dəyərləndirən Bahar Muradova 60-dək ölkəni təmsil edən 220-dən çox nümayəndənin toplaşdığı Bakı konfransının qadınların inkişafına və hüquqlarının qorunmasına, cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verəcəyinə əminliyini bildirib. O, ölkəmizdə dövlət səviyyəsində yürüdülən qadın siyasətindən söz açıb, hələ ötən əsrin əvvəllərində Azərbaycan qadınına seçki hüququnun verildiyini diqqətə çatdırıb, qadınlarımızın siyasətdə fəal iştirak etdiklərini bildirib. B.Muradova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin bütün Şərq qadınlarına örnək olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda Şərq qadınları Mehriban xanımla qürur duyurlar. Vitse-spiker qonağa Milli Məclisdə qadın və uşaq hüquqları ilə bağlı qəbul edilmiş qanunlar, keçirilmiş sessiya və dinləmələr barədə məlumat verib, ölkəmizdə bu sahədə ciddi irəliləyişin müşahidə olunduğunu deyib.
BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini Lakşmi Puri Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, təmsil etdiyi təşkilat, həyata keçirdikləri tədbirlər, müxtəlif mövzulara həsr olunmuş kampaniyalar, gələcəyə dair planlar barədə ətraflı məlumat verib. Bildirib ki, 90 ölkədə təmsilçiliyi olan BMT-nin qadınlar təşkilatı dünya üzrə 75 proqram həyata keçirir. Əsas məramları bütün ölkələrdə qadınlara idarəetmədə və qərarvermədə daha böyük səlahiyyətlərin tanınmasına nail olmaqdır.
Xanım Lakşmi Puri əməkdaşlığa dair bir sıra təkliflərini Milli Məclisin vitse-spikeri Bahar Muradovanın nəzərinə çatdırıb, Pekin platformasının 20 illiyinə hazırlıq istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycan parlamentində daha çox qadınların təmsil olunmasını arzuladıqlarını və bunun üçün hər cür dəstək verməyə hazır olduqlarını bildirib.
Bahar Muradova qonağı əmin edib ki, Milli Məclis BMT-nin qadınlar təşkilatı ilə əməkdaşlıq əlaqələri yaratmaq üçün imkanlarını səfərbər edəcək. Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunan vitse-spiker Ermənistanın təcavüzkarlığı ucbatından qaçqın və məcburi köçkün həyatı yaşayan qadınlarımızın problemlərini beynəlxalq ictimaiyyətə daha yaxından çatdırmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi həm bu baxımdan, həm də qadın hüquqlarının qorunması sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərin dünya arenasına çıxarılmasında faydalı ola bilər.