MƏDƏNİYYƏT
BMT-nin Vyana bölməsində Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib
Vyana, 24 mart, AZƏRTAC
Martın 24-də BMT-nin Vyana bölməsinin “Rotunda” salonunda Azərbaycan, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.
Bayram mərasimində BMT-nin Vyana bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Vyana ofisinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, Vyana ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri BMT-nin Vyana bölməsinin rəhbəri, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov açaraq, qurumun Baş katibi Antonio Quterreşin təbrik məktubunu oxuyub. Bildirilib ki, təbiətin oyanmasını müjdələyən, yeni ilin, yeni həyatın başlanğıcını bildirən Novruz daim insanlarda ümid, xoş gələcəyə inam və əmin-amanlıq arzusunu özündə ehtiva edir. Dünyada 300 milyondan çox insanın ortaq bayramı olan Novruzun BMT idealları ilə tam uzlaşan, əsl beynəlmiləl xarakter daşıyan, bununla belə özündə çoxlu milli adət-ənənə və xüsusiyyətləri birləşdirən mühüm bir bayram olduğu bildirilib.
Sonra İranın BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Reza Nəcəfi Novruz bayramını qeyd edən ölkələr adından çıxış edib.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər, sonra isə milli yemək və şirniyyatlardan ibarət xüsusi guşələrdə ziyafət verilib.
Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Daha sonra 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz Günü kimi elan edilib. Həmin vaxtdan etibarən Novruz Günü BMT-də qeyd olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana