CƏMİYYƏT
BMT-nin baş katibi Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi üçün birgə təşəbbüsü açıqlayıb
Bakı, 28 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Fransanın Kann şəhərində Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq altı ən böyük qlobal reklam şirkətinin təşəbbüsünü açıqlayıb.
BMT-nin ictimai informasiya departamentindən AZƏRTAC-a bildiriblər ki, baş katib Lions Yaradıcılıq Festivalındakı çıxışında deyib: “Bu gün kommunikasiya sənayesi yoxsulluq, ədalətsizlik və bərabərsizliyi aradan qaldırmaq üçün tarixi və ən qabaqcıl addımını atır. Altı ən böyük kommunikasiya şirkəti dünyada bəzilərinin imkansız adlandırdığına imza atıb: onlar öz fərqliliklərini bir kənara qoyaraq Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərini inkişaf etdirmək üzrə birgə unikal və maraqlı addıma dəstək olmaq barədə razılığa gəliblər”. Baş katib qeyd edib ki, bu uğur bəşəriyyət üçün ciddi, 15 illik tərəfdaşlıq tələb edir. O, yeni addımı cəmiyyətin rifahı üçün öz birgə zəminimizin tapılması yolunda hər birimizə həm nümunə, həm də çətinlik adlandırıb.
Birgə təşəbbüs Dentsu, Havas, IPG, Omnicom, Publicis Groupe və WPP şirkətlərinə məxsusdur.
“Dayanıqlı İnkişaf Məqsədləri naminə birgə işləməklə biz göstərmək istəyirik ki, hətta ən kəskin rəqiblər belə birgə marağa xidmət etmək üçün öz fərqliliklərini kənara qoya bilir. Ümid edirik ki, bizim sahəmizdə olan və olmayan hər kəs eyni hərəkəti etməyi qərara alar”, - deyə birgə təşəbbüsdə bildirilir.