SİYASƏT


BMT-nin baş katibi Pan Gi Mun Dünya Xəbər Agentliklərinin V Konqresinə müraciət ünvanlayıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də BMT-nin baş katibi Pan Gi Mun Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Dünya Xəbər Agentliklərinin V Konqresinə salamlarımı göndərməkdən məmnunluq duyuram. Ənənəvi və yeni media qanunun aliliyi, yaxşı idarəetmə və demokratiya üçün olduqca vacibdir. Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlər bu prinsipi keçən il sülh, inkişaf, ləyaqət və hər kəs üçün imkan kimi qəbul olunmuş 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyində təsdiq ediblər.

Söz və mətbuat azadlığı insanlar və Planet üçün yeni qlobal yol xəritəsində zəruridir. Xəbər agentlikləri vaxtında və keyfiyyətli informasiyaların yayılmasında son dərəcə əhəmiyyətli bir rola malikdir. Bu, müsbət dəyişiklik üçün həm vasitə, həm də hədəfdir.

Texnologiyada tərəqqi və biznes modelləri dünyada söz azadlığı üçün yeni imkanlar açıb. Artıq daha çox insan informasiyaya çıxış əldə edir, onu hazırlamaq və yaymaq imkanı qazanır. Həm milli sərhədlər daxilində, həm də geniş coğrafiyada xəbərlər və fikir mübadiləsi böyük potensiala malikdir. Digər tərəfdən isə səhv informasiyaların, xüsusilə nifrətin təbliği sülh və tərəqqi üçün ciddi risklər yaradır. Burada media böyük məsuliyyət daşıyır və belə hallarla tolerantlıq və anlaşmanı təşviq edərək, qorxmadan həqiqəti çatdıraraq mübarizə aparmalıdır”.

Baş katibin müraciətində bildirilir: “Beynəlxalq ictimaiyyət də azad mediaya dəstək vermək, inklüziv və açıq cəmiyyətlərə təhdid qüvvələrinə qarşı ayaqda möhkəm dayanmaq üçün məsuliyyət daşıyır. Bu təhdidlərə senzura və rəqəmsal informasiyanın bağlanmasından başlayaraq, jurnalistlərə qarşı fiziki hədə-qorxu da daxildir. Bu təhdidlər ifadə azadlığını və həqiqətən davamlı inkişaf üçün vacib olan fundamental insan haqlarını sarsıdır. Son on ildə ən azı 827 jurnalist öz vəzifə borclarını yerinə yetirərkən öldürülüb. Onların bir çoxu öz həyatlarını münaqişə zonalarında itiriblər. Jurnalistlərin təhlükəsizliyini qorumaq və onların peşəsinə hörmət etmək olduqca vacibdir. Bundan daha çox sayda ənənəvi və yeni medianı təmsil edən jurnalistlər öz vacib vəzifələrini yerinə yetirdikləri üçün təhdidlərlə üzləşib və həbs olunublar”.

Müraciətdə daha sonra deyilir: “Bu təhdidlərlə mübarizə aparmaq üçün bütün tərəflərin – ilk növbədə hökumətlərin və BMT də daxil olmaqla bütün aidiyyəti aktorların əzmkarlığı tələb olunur.

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsinə görə təşkilatçıları, Azərbaycan Prezidentini və hökumətini alqışlayıram, Sizə uğurlar arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.