DÜNYA
BMT-nin baş katibi: Paris qlobal istiləşmə ilə mübarizədə dönüş nöqtəsi olmalıdır
Bakı, 1 dekabr, AZƏRTAC
Planetin və əhalinin müdafiəsi üzrə yeni sazişin təsdiqlənməsini istəyirik. Fikirləşmək üçün belə bir an ola bilsin ki, bir də heç vaxt gəlməyəcək.
AZƏRTAC BMT-nin Informasiya mərkəzinə istinadla xəbər verir ki, bu sözləri Parisdə iqlim üzrə beynəlxalq konfransın açılışında çıxış edən qurumun baş katibi Pan Gi Mun deyib.
"Siz bu gün burada yeni gələcəyin ssenarisini yazmağa toplaşmısınız", - deyə BMT-nin baş katibi konfransa gəlmiş 150 ölkənin liderinə müraciət edib: «Paris qlobal istiləşmə ilə mübarizədə dönüş nöqtəsi olmalıdır. Bütün ölkələr iqlim dəyişmələri ilə mübarizədə razılığa gəlməlidirlər”.
"Demək olar ki, 180-dən çox ölkə qlobal iqlim dəyişmələri ilə bağlı yüz faiz tullantıların azaldılması ilə bağlı milli planlarını təqdim edib. Bu, yaxşı başlanğıcdır. Lakin elmi dəlillər bizi xəbərdar edir ki, hətta iki dərəcə temperaturun artması ərzaq təminatı, sülh və təhlükəsizlik, həmçinin su ehtiyatları və iqtisadi sabitlik baxımından ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə də bizə Parisdə universal və əhəmiyyətli razılaşmalar lazımdır", - deyə Pan Gi Mun bildirib.