CƏMİYYƏT
BMT-nin beynəlxalq eksperti ilə Ədliyyə Nazirliyində görüş keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin üzvü, beynəlxalq ekspert xanım Pramila Pattenin ədliyyə nazirinin müavini Toğrul Musayev ilə görüşü olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin BMT və onun strukturları ilə səmərəli əməkdaşlığını qeyd edən nazir müavini xanım P.Pattenlə əvvəlki görüşünü xatırladıb. T.Musayev Azərbaycanda Avropa dəyərləri, həmçinin Şərqin mütərəqqi ənənələri əsasında məqsədyönlü gender siyasətinin həyata keçirildiyini, qadınların ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəal iştirakını vurğulayıb. Həmçinin məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülən tədbirlərdən və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən, habelə BMT-nin müvafiq Konvensiyası üzrə tövsiyələrin icrasından bəhs edib. İnsan haqlarının, o cümlədən qadın hüquqlarının qorunmasında ədalət mühakiməsinin rolu qeyd olunaraq, ədliyyəyə çıxış imkanlarının asanlaşdırılması üzrə görülən işlər barədə də qonağa məlumat verilib.
Respublikamıza növbəti səfərindən məmnunluğunu ifadə edən qonaq Komitənin üzvü kimi ölkəmizlə uzun müddət faydalı əməkdaşlıq etdiyini, Azərbaycan Hökumətinin beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə hər zaman həssas münasibət göstərdiyini vurğulayıb. P.Patten gender siyasəti üzrə həyata keçirilən davamlı tədbirlərin, bu sahədə əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edib. O, məişət zorakılığının qarşısının alınması sahəsində yeni mexanizmlərin hazırlanması ilə bağlı tövsiyələri diqqətə çatdırıb.
P.Patten ölkəmizin məhkəmə-hüquq sistemindəki nailiyyətlərini, o cümlədən elektron məhkəmənin tətbiqini və ədliyyə infrastrukturunun müasirləşdirilməsini yüksək qiymətləndirib, gələcəkdə də əməkdaşlığa hazır olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.