CƏMİYYƏT
BMT-nin əməliyyatlarında iştirak edən polislərin şəxsi heyətinin 20 faizi qadınlardır
Bakı, 11 noyabr, AZƏRTAC
BMT-nin Mali, Cənubi Sudan, Haiti və Darfurda (Sudan) apardığı sülhyaratma əməliyyatlarında BMT-nin polis bölmələrinin komandirləri BMT Təhlükəsizlik Şurasında çıxış ediblər. Darfurda Afrika İttifaqı ilə BMT-nin birgə əməliyyatında iştirak edən polislərin rəhbəri Pristsilla Makotos bildirib ki, hər bir əməliyyatda BMT polisinin mandatını müəyyən edərkən bu və ya digər ölkənin tələbləri nəzərə alınmalıdır.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, P.Makotos BMT polisinin sıralarına qadınların daha çox qəbul olunmasını tövsiyə edib. O deyib: “Hazırda BMT sülhyaratma missiyalarının heyətindəki qadın polislərin çoxu UNAMİD-ə cəlb edilib. Polisin Darfurda keçirilən əməliyyatına cəlb edilmiş bütün şəxsi heyətin 267 nəfəri və ya 19 faizi polis qadınlardır. 17 mühüm vəzifəni qadınlar tutur”.
Makotos vurğulayıb ki, BMT-nin sülhyaratma əməliyyatlarında qadınların daha fəal iştirak etməsi müvafiq ölkənin əhalisi ilə daha səmimi münasibətlər yaratmağa, xüsusən mülki şəxslərin müdafiəsi ilə bağlı mandatın yerinə yetirilməsində daha yüksək səmərəyə nail olmağa kömək edir.
BMT Baş Katibinin sülhyaratma əməliyyatları üzrə müavini Erve Ladsus da bu mövqeyi dəstəkləyib. O, Şuranın iclasındakı çıxışında vurğulayıb ki, BMT polisi sıralarında qadınların olması seksual zorakılığın qurbanları ilə söhbətlər aparmağa və ya keçmiş kombatant uşaqlara kömək göstərilməsi ilə bağlı əməliyyatları daha yaxşı yerinə yetirməyə imkan verir.
Bu gün sülhün dəstəklənməsi üzrə 16 əməliyyatdan 13-nün və BMT-nin 5 xüsusi siyasi missiyasının tərkibində dünyanın 90 ölkəsindən 14 minə yaxın polis işçisi var. Polislər BMT-nin təxminən 93 min nəfərlik hərbi sülhyaratma heyəti ilə birlikdə mülki şəxslərin müdafiəsini təmin edir və münaqişə baş vermiş dövlətlərin hakimiyyət orqanlarına bu ölkələrdə sülhü və asayişi möhkəmlətməkdə kömək edirlər.