SİYASƏT


BMT-nin iqamətgahında Respublika Günü və Azərbaycanın bu quruma üzv olmasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib VİDEO

Vaşinqton, 26 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqamətgahında Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü və Azərbaycanın BMT-yə üzv olmasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin təşkil etdiyi tədbirdə 400-dən çox qonaq, o cümlədən BMT Baş Məclisinin sədri Piter Tomson, diplomatik korpusun və Nyu-Yorkun işgüzar dairələrinin nümayəndələri, Nyu-York ştatında və onun ətraflarında yaşayan həmvətənlərimiz iştirak ediblər. Qonaqları Azərbaycan Respublikasının BMT yanında diplomatik missiyasının başçısı Yaşar Əliyev qarşılayıb.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev qeyd edib ki, bu təntənəli gecədə iki əlamətdar hadisə - müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi və Azərbaycanın BMT-yə üzv olmasının 25 illiyi qeyd edilir.

Diplomatik missiyanın başçısı qonaqları BMT-də Azərbaycanın tarixi yolunun bütün mərhələlərini, o cümlədən Azərbaycan bayrağının qaldırılmasını, ümummilli lider Heydər Əliyevin BMT-də, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasında və Baş Məclisində çıxışlarını, BMT-nin baş katibləri ilə görüşləri əks etdirən fotosərgiyə baxmağa dəvət edib. O, 1992-ci ildə suveren Azərbaycanın üçrəngli bayrağının qaldırılması münasibətilə təntənəli mərasimdən danışarkən sözü ölkəmizin nümayəndəsinə, 25 il əvvəl həmin mərasimdə iştirak etmiş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova verib.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı qeyd edib ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşayıb və 1920-ci ilin aprelində onun suverenliyinə son qoyulub. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Azərbaycanın BMT-yə daxil olması ölkəmiz üçün rəmzi və mühüm məqsədlərdən biri olub. Azərbaycan bu illər ərzində BMT strukturlarının çoxu ilə tərəfdaşlıq münasibətləri qura bilib, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvü olub. Diplomat Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsinə toxunaraq vurğulayıb ki, Azərbaycan BMT-yə məhz beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə daxil olub və bu da Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlar prosesində danılmaz fakt və dəyərli üstünlükdür. Nazir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir” sözlərini sitat gətirib.

Təntənəli gecədə Azərbaycanın Xalq Artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblı (Əməkdar Artist Ələkbər Ələkbərov (tar), Elşən Mansurov (kamança), Taleh Ağayev və Nərgiz Əliyeva (fortepiano), Abbas Səfərov (nağara), Nicat Bayramov (zərb aləti)), tanınmış tenor, Azərbaycanın Xalq Artisti Samir Cəfərov və xanəndə Gülay Zeynallı konsert proqramı ilə çıxış ediblər. Qonaqlar milli və klassik Azərbaycan musiqisindən zövq alıblar və doyunca rəqs ediblər. Azərbaycan musiqiçiləri “Qarabağ şikəstəsi”, “Bakı haqqında mahnı”, “Azərbaycanım”, “Qarabağ”, “Bakı əziz şəhər” kimi məşhur kompozisiyaları, “Sarı gəlin”, “Qarabağ” xalq mahnılarını ifa ediblər. Tədbirin bayram əhvali-ruhiyyəsi burada iştirak edən müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini Azərbaycanın milli rəqslərini birlikdə ifa etməyə ruhlandırıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.