ELM VƏ TƏHSİL
BMT-nin nümayəndələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar
Bakı, 25 iyul, AZƏRTAC
Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) nümayəndələri Horst Stoebel və Odhran James Mccarthy Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, UNİCRİ-nin “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiənin imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində maliyyələşən “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ mövzusunda iyirmi aylıq layihə ötən il sentyabrın 30-da uğurla başa çatıb. Layihə akademik Cəlal Əliyevin rəhbərliyi altında yerinə yetirilib.
Görüşdə həmin layihə çərçivəsində aparılmış elmi tədqiqat işlərinin nəticələri müzakirə olunub.
Qonaqlar UNİCRİ tərəfindən maliyyələşən bu layihənin yüksək səviyyədə yerinə yetirilməsi barədə müsbət rəylərini bildirib, gələcəkdə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını söyləyiblər.