CƏMİYYƏT
BMT-nin qərargahında Okean Problemlərinə dair Konfrans keçiriləcək
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-9-da Nyu-Yorkda, BMT-nin iqamətgahında Okean Problemlərinə dair Konfrans keçiriləcək. AZƏRTAC BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, təxminən dörd min nümayəndə dəniz və okeanların həyat qabiliyyətinin təmin olunması yollarını, habelə Yer kürəsinin ən iri su hövzələrinin üzləşdiyi təhlükələrin aradan qaldırılması üzrə tədbirləri müzakirə edəcəklər.
Okeanların, dənizlərin və dəniz resurslarının qorunub saxlanılması və onlardan səmərəli istifadə olunması: 2030-cu ilə qədər dövr üçün davamlı inkişaf sahəsində 14-cü Məqsəd belə səslənir.
BMT Baş Məclisinin sədri Piter Tomson bildirib ki, Konfrans davamlı inkişafın 14-cü Məqsədində göstərilən bütün vəzifələrin yerinə yetirilməsi üzrə fəaliyyətə yeni təkan vermək məqsədi daşıyır. O qeyd edib ki, dənizin canlı resurslarının həddindən çox istismar olunması və okeanların onlar üçün təhlükəli maddələrlə və istehsalat tullantıları çirkləndirilməsi dəniz mühitinə ciddi təhdiddir. O vurğulayıb ki, qlobal istiləşmə dəniz suyunun temperaturunun qalxmasına, dənizin səviyyəsinin yüksəlməsinə və okeanın turşululuq dərəcəsinin artmasına gətirib çıxarır, dəniz faunası və florası üçün əlavə təhlükə törədir.