CƏMİYYƏT
BMT-nin rəhbəri iqlim dəyişmələri ilə mübarizəni unutmamağa çağırıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Bazar günü Çində “Böyük iyirmilik” Sammiti başlayıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, davamlı inkişaf görüşün əsas mövzularından biri olub. BMT-nin baş katibi Pan Gi Mun sammitin açılışından əvvəl keçirilən mətbuat konfransında çıxışında bu faktı alqışlayıb. “Böyük iyirmiliyin” tarixində ilk dəfə davamlı inkişaf sahəsi gündəlikdə əsas mövzulardan biri olub. Əgər qlobal istiləşmə ilə mübarizə üzrə tədbirlər görməsək, davamlı inkişaf məqsədlərinə çatmaq mümkün olmayacaq”, - deyə Pan Gi Mun bildirib.
“İqlim dəyişmələri ilə mübarizə və davamlı inkişaf məqsədlərinə çatmaq üçün əl-ələ verməliyik. Sizdən əvvəl təkcə mən yox, həm də alimlər, iqtisadçılar və ekspertlər də bu ideyanı çatdırmağa çalışırlar”, - deyə BMT-nin baş katibi əlavə edib.
Çin və ABŞ prezidentləri iqlim üzrə Paris sazişinin ratifikasiyası haqqında sənədlərini BMT-nin rəhbərliyinə təqdim ediblər. Çin və ABŞ istixana qazlarının tullantılarının həcminə görə liderdir. Bütün emissiyanın 38 faizi onların üzərinə düşür.
Hazırda iqlim üzrə Paris sazişini 26 ölkə ratifikasiya edib. Atmosferə atılan zərərli tullantıların 39 faizi onların üzərinə düşür. Sazişin qüvvəyə minməsi üçün onun 55 dövlət tərəfindən ratifikasiya edilməsi tələb olunur.