CƏMİYYƏT
BMT-nin xüsusi məruzəçisi Mətbuat Şurasında olub
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Bu barədə AZƏRTAC-a MŞ-nin mətbuat xidmətindən məlumat verilib.
MŞ-nın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurasında hazırda Azərbaycanın ictimai fikrə təsir göstərən qəzet, jurnal, informasiya agentliklərinin, həmçinin internet xəbər portallarının mütləq əksəriyyəti təmsil olunurlar. Şuranın əsas fəaliyyət istiqamətlərindən biri kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından, qərar və rəylərin çıxarılmasından ibarətdir. Mətbuat Şurası, eyni zamanda, jurnalist hüquqlarının qorunması ilə bağlı da tədbirlər həyata keçirməkdədir. Bu baxımdan diqqət yetirilən başlıca məqam media təmsilçilərinin peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirmələri, həmçinin onlarla informasiya mənbələri arasında mümkün ola bilən konfliktlərin aradan qaldırılmasıdır.
BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı məlumatların əsasən qeyri-hökumət təşkilatlarından, blogerlərin fikirlərindən və digər müxtəlif mənbələrdən əldə edildiyini vurğulayıb. O, Azərbaycandakı vəziyyətlə yerində tanış olmağın əhəmiyyətinin böyük olduğunu deyib. Qonaq ölkəmizə səfərinin bu mənada əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Görüşdə M.Forstun Azərbaycanda media sahəsindəki qanunvericilik, jurnalist hüquqlarının qorunması, onların informasiya əldə edilməsi prosesi ilə bağlı sualları cavablandırılıb.