İQTİSADİYYAT
BMT təmsilçisi: Sərhəd keçid məntəqələrinin təkmilləşdirilməsi Azərbaycan və Gürcüstanın təhlükəsizliyini təmin edəcək
Bakı, 5 may, Elvin Camalov, AZƏRTAC
Azərbaycan və Gürcüstan arasında sərhəd keçid məntəqələrinin təkmilləşdirilməsi layihəsi hər iki ölkənin təhlükəsizliyini təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai deyib.
Onun sözlərinə görə Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və Dövlət Gömrük Komitəsinin birgə layihəsi çox funksional bir layihədir. “Layihə Azərbaycan və Gürcüstan arasında təhlükəsizliyi, malların keyfiyyətinin qorunmasını təmin edəcək. Həmçinin layihə hər iki gömrük xidməti orqanlarının öz işini gücləndirməsinə də təkan verəcək. Avropa qonşuluq siyasəti çərçivəsində həyata keçirilən bu layihə hər iki ölkəni Avropaya daha yaxın edəcək və inteqrasiyasında yardımçı olacaq”, - deyə Qulam İsakzai vurğulayıb.