CƏMİYYƏT
BMT və onun tərəfdaşları çətin günündə daim Haiti xalqının yanında olublar
Bakı, 26 oktyabr, AZƏRTAC
BMT Baş katibinin birinci müavini Yan Eliasson bəyan edib ki, BMT və onun tərəfdaşları Haitidə vəba ocağı yaranan kimi dərman təchizatında, su və sanitariya sisteminin tənzimlənməsində və xəstəliyə nəzarətin möhkəmlənməsində bu ölkənin xalqına və hökumətinə kömək ediblər.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Y.Eliasson deyib: “Haiti xalqının müsibəti dünyada heç bir xalqın əzabları ilə müqayisə edilə bilməz. Dəhşətli zəlzələ 250 min insanın həyatına son qoyub, vəbadan təqribən 10 min adam dünyasını dəyişib, indi də bu qorxunc qasırğa. Biz Haiti xalqı ilə həmrəylik nümayiş etdirməliyik”.
BMT Baş katibinin birinci müavini vurğulayıb ki, Haitidə vəbanın aradan qaldırılmasına dair yeni proqram 2022-ci ilədək dövr üçün nəzərdə tutulub.
İfrat yoxsulluq və insan haqları məsələsi üzrə xüsusi məruzəçi Filip Olston BMT-nin Haitidə epidemiya ocağına görə hüquqi məsuliyyəti tanımaqdan imtina etməsini qətiyyətlə pisləyib və onu haitililərdən üzr istəməyə çağırıb. Bununla belə, Filip Olston Birləşmiş Millətlər Təşkilatının, o cümlədən epidemiyadan zərər çəkənlər üçün 400 milyon ABŞ dolları cəlb etməyə hazır olmasını alqışlayıb.