İQTİSADİYYAT
“BNP Paribas”: Rusiya-OPEC əməkdaşlığının hər hansı bir razılıqla nəticələnməsi çətin görünür
Bakı, 25 oktyabr, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya arasında davam edən neft hasilatının azaldılması və ya məhdudlaşdırılması üzrə danışıqların qarşılıqlı edilən ümidverici şərhlərə baxmayaraq hər hansı bir razılıqla nəticələnməsi çətin görünür.
AZƏRTAC xəbər verir ki, Fransanın “BNP Paribas” bankının əmtəə bazarları direktoru Harri Tçilinquirian bu fikirdədir.
O bildirib ki, Liviya, Nigeriya və İran kimi bir çox OPEC-ə üzv böyük istehsalçılar neft hasilatını artırmaq istəyir: “OPEC-ə üzv olmayan, lakin dünyanın ən böyük neft ixracatçılarından biri olan Rusiya isə kartelə üzv ölkələr arasında neft istehsalının məhdudlaşdırılmasını nəzərdə tutan rəsmi bir razılığı dəstəkləyəcəklərini mütəmadi dilə gətirir. Rusiyanın hasilatı “dondurması” neft bazarının tarazlanmasına kifayət qədər təsir etməyəcək. Buna görə də, OPEC və Rusiya arasında qarşılıqlı edilən ümidverici şərhlərə baxmayaraq neftin qiymətinin gələcək taleyi barədə razılığın əldə olunması çətin görünür”.
OPEC-ə üzv ölkələr arasında neft tədarük səviyyəsini ölçən ortaq bir sistemin olmadığını da vurğulayan H.Tçilinquirian bildirib: “Ümumi kvota olmadığı üçün, bəzi ölkələr istehsal həcmi barədə rəqəmləri yüksək açıqlayaraq noyabr danışıqlarından əvvəl üstünlük əldə etməyə çalışa bilər. Məsələn İraq, ümumi kvota sisteminə qətiliklə qarşı çıxır. Noyabr ayında reallaşacaq OPEC toplantısında sırf təşkilatın etibarını qorumaq məqsədilə bir razılaşma əldə oluna bilər. Lakin son nəticədə əldə ediləcək razılığın neft bazarlarındakı tarazlığı kökündən dəyişməsi çətin görünür”.