İDMAN
BOK-UN VİTSE-PREZİDENTİ AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD ETMİŞDİR
Vitali Smirnov Azərbaycana səfərinin məqsədi barədə jurnalistlərlə söhbətində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Prezidenti İlham Əliyevin BOK-un ən yüksək mükafatı – “Olimpiya ordeni” ilə təltif edildiyini xatırlatdı və bu təşkilatın prezidenti adından həmin mükafatı təqdim etməyin ona həvalə olunduğunu bildirdi.
V.Smirnovun fikrincə, hər hansı bir ölkədə idmanı uğurla inkişaf etdirmək üçün üç amilin - idmanla fəal məşğul olmaq istəyən istedadlı gənclərin, idman bazasının və kadrların olması zəruridir. Azərbaycanda bu sahədə artıq müəyyən uğurlar vardır, sonuncu Olimpiya oyunlarında Azərbaycan idmançılarının nailiyyətləri buna sübutdur. BOK-un vitse-prezidenti demişdir: “Mən bütün Azərbaycanı gəzib-dolaşdım. Sizin ölkənizdə çoxlu yeni idman qurğuları tikilmişdir, bu isə əsas məsələdir.
Azərbaycan Prezidenti Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini də öz üzərinə götürübsə, bu, çox şeyə dəlalət edir və ilk növbədə, onu göstərir ki, İlham Əliyev ölkənizdə idmanın inkişafına xüsusi əhəmiyyət verir. Axı, idman təkcə ölkəni ən yüksək beynəlxalq səviyyədə təbliğ etmək vasitəsi deyildir, həm də millətin sağlamlığını möhkəmləndirmək, gənclərə sağlam həyat tərzini, onların həyatında içkiyə, narkotik maddələrə, tütünə yer olmadığı fikrini aşılamaq imkanıdır”.
Fəxri xiyabanı ziyarət mərasimində qonağı Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə müşayiət etmişdir.