İQTİSADİYYAT
“BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2015”in təqdimatı olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da “BP-Azərbaycan” şirkətində “BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2015”in təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatda şirkətin hesabatlar və işçilərlə ünsiyyət üzrə meneceri Rüfət Ağayev bildirib ki, hesabatda 2015-ci ildə “BP Azərbaycan”ın istehsalat göstəricisi, əməyin təhlükəsizliyi, əməliyyatları, ətraf mühitlə bağlı görülən işləri, əməkdaşları və Azərbaycandakı digər fəaliyyətlər barədə məlumat əldə etmək olar. Bundan əlavə, 2016-cı ildə baş vermiş mühüm hadisələr də hesabatda əksini tapıb. Bu hesabat şirkətin davamlı inkişafı haqqında 13-cü hesabatıdır və əvvəlki hesabatlar barədə alınan rəyləri özündə əks etdirir.
Bildirilib ki, hesabat ilində “Şahdəniz Mərhələ 1” layihəsinin işlənilməsi çərçivəsində BP-nin dəniz dibindən 6 000 metr dərinlikdə və yüksək təzyiq altında olan bir sıra ən çətin quyular qazılıb. Bu günə qədər cəmi yeddi il ərzində Xəzərdə mövcud olan ən dərin quyu qazılıb, dənizdə platforma quraşdırıb, quruda terminal tikilib, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə sərhədinə qədər 700 kilometr uzunluğunda “Cənubi Qafqaz Boru Kəməri” çəkilib. Texniki təcrübə və obyektlərdə aparılan cari texniki xidmət “Şahdəniz”ə regionun arasıkəsilmədən təhlükəsiz və etibarlı şəkildə qazla təchiz olunmasına kömək edib və demək olar ki, sistemin 100 faiz etibarlılığına nail olunub. “Şahdəniz Mərhələ 1” layihəsindən 2015-ci il boyunca ən yüksək sabit hasilat əldə olunub, 9,9 milyard standart kubmetr qaz və təxminən 18,3 milyon barrel kondensat hasil edilib.
Ötən ilin uğurları da hesabatda yer alıb. Qazın məşəldə yandırılmasının azaldılması üzrə mükəmməllik mükafatı “BP Azərbaycan” və SOCAR 2015-ci ildə AÇG qazının məşəldə yandırılmasının azaldılması layihəsinə görə Qazın Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlığın mükəmməllik mükafatına layiq görülüb. 2015-ci ildə “BP Azərbaycan” ilə SOCAR-ın əməkdaşlığı məşəldə yandırılan qazın 4 faizdən 2 faizə enməsi ilə nəticələnib. Bu azalmaya səbəb olan fəaliyyətlərə enerji ehtiyatlarından daha səmərəli istifadə və istehlakçıların enerjidən istifadə imkanının yaxşılaşdırılması daxildir.
Digər uğur 2013-2015-ci illərdə muzeylərə pulsuz giriş kampaniyası çərçivəsində şirkətin Azərbaycanda Amerika Ticarət Palatası tərəfindən Korporativ Sosial Məsuliyyət sahəsində mədəniyyət kateqoriyası üzrə mükəmməllik mükafatına (“CSR Excellence Award”) layiq görülməsidir.
“BP Azərbaycan” SİTP Korporativ Sosial Məsuliyyət mükafatına da layiq görülüb. 2015-ci ilin oktyabrında “Sahibkarlığın inkişafı və təlim proqramı” (SİTP) Azərbaycanda Amerikanın Ticarət Palatası tərəfindən iqtisadi səriştə kateqoriyasında Korporativ Sosial Məsuliyyət sahəsində əldə olunan nailiyyətlərə görə mükafata (“CSR Excellence Award”) layiq görülüb. Bu mükafata innovativ layihələr həyata keçirməklə sosial inkişafa töhfə verən şirkətlər layiq görülür. Layihə 30 şirkət tərəfindən təqdim edilmiş 55 layihə arasından seçilib və dörd kateqoriya üzrə qiymətləndirilib.
Sonda jurnalistlərin hesabatla bağlı sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.