İQTİSADİYYAT
BP Şimal dənizinin Birləşmiş Krallığa məxsus hissəsində yeni layihənin icrasına başlayır
Bakı, 23 may, Nihad Budaqov, AZƏRTAC
Böyük Britaniyanın enerji nəhəngi BP şirkəti Şimal dənizinin Birləşmiş Krallığa məxsus hissəsində yeni layihənin icrasına başlayır.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, BP və tərəfdaşları tərəfindən həyata keçiriləcək “Quad 204” adlı layihənin dəyəri 5,7 milyard dollardır. “Quad 204” çərçivəsində buradan hasilat ilin sonunadək gündəlik 130 min barrelə çatdırılacaq.
Layihə həmin ərazilərdə 2013-cü ildən etibarən dayandırılan hasilatın bərpasını nəzərdə tutur. BP bununla 2020-ci ilədək Şimal dənizindən ümumi hasilatını ikiqat artırmağı, yəni sutkada 200 min barrel neft ekvivalentinə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, 25 ildir Azərbaycanda fəaliyyət göstərən BP şirkəti Azəri-Çıraq-Günəşli layihəsində 35,8 faiz, Bakı-Tbilisi-Ceyhanda (BTC) 30,10 faiz, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 28,8 faiz iştirak payına malikdir.